İqtisadiyyat9 oktyabr 2026
Türkiyə: Çərkəzköy–Kapıkule sürətli qatar xətti açıldı — İstanbuldan Bolqarıstan sərhədinədək yol 1,5 saata enir

Oktyabrın 9-da Kırklarelidə keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Halkalı–Kapıkule sürətli qatar xəttinin 153 kilometrlik Çərkəzköy–Kapıkule hissəsini istifadəyə verdi. Bu, 229 kilometrlik və üç mərhələdən ibarət layihənin ən uzun hissəsidir. Mərasimdən sonra Ərdoğan maşinist kabinəsinə keçdi və qatarı Babaeskidən Lüleburqaza qədər özü idarə etdi.
Xətt iki yollu, elektrikləşdirilmiş və siqnalizasiyalıdır, saatda 200 kilometr sürət üçün tikilib; yolda 31 körpü və onlarla keçid inşa olunub. Tam açıldıqda İstanbulun Halkalı stansiyasından Kapıkuleyə yol 4 saatdan 1,5 saata enəcək. İllik sərnişin tutumu 600 mindən təxminən 3 milyona, yük tutumu isə 1,5 milyon tondan 9,5 milyon tona çıxacaq. Bununla Tekirdağ, Kırklareli və Edirnə də sürətli qatar şəbəkəsinə qoşuldu; Türkiyədə sürətli qatar xətlərinin uzunluğu 2604 kilometrə, birbaşa sürətli qatar bağlantısı olan illərin sayı 14-ə çatır.
Xətt türk dünyası üçün də önəmlidir: Çindən Mərkəzi Asiya, Xəzər, Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə gələn Orta Dəhliz yükləri məhz Kapıkuledə Avropa dəmir yolu şəbəkəsinə keçir. Layihəni Avropa İttifaqı da maliyyələşdirib, mərasimə Aİ nümayəndələri qatıldı.


Azərbaycan
Qazaxıstan
Türkiyə
Qırğızıstan
Türkmənistan
Özbəkistan
Quzey Kipr (KKTC)
Macarıstan






